06.02.2023-cü ildə qardaş Türkiyədə baş vermiş təbiətin ən amansız faciəsi-zəlzələsi bütün soydaşlarım kimi, məni də sarsıtdı.
Bu təbii fəlakət nə qədər sarsıdıcı və amansız olsa da,həm də TÜRKÜN böyüklüyünü, bəşəri əzəmətini göstərdi.
Dünya bir daha gördü ki, TÜRKİYƏ adlanan TANRI ÖLKƏSİ hər sınağa, təbii fəlakətə baş əyən TÜRKİYƏ deyil…
Əziz oxucu ;
İllər öncəsi bu duyğu ilə yazdığım, zamanında mətbuatda və kitablarımda yayımlanan, mənə elə gəlir ki, bu gün də gərəkliyini itirməyən “Türkə ağı demək olmaz” şeirimi, təkrar olsa da, Sizinlə bölüşməyi özümə mənəvi borç bildim.
ALLAH TÜRKÜ QORUSUN!!!..
Dərin hörmət və sayğılarla
Xanəli Kərimli
08.02.2023
TÜRKƏ AĞI DEMƏK OLMAZ
17 avqust 1999-cu il Türkiyədə
baş vermiş zəlzələnin törətdiyi
ağır faciəyə ağılar yazıldı...
Türkə ağı demək olmaz,
Türk Tanrının törəsidir.
Quru daş da bilir ki, o,
Yer üzünün haqq səsidir.
Minillərin tarixini
Bir arayın varaq-varaq,
Görün, hansı sorununu
Türk həll edib ağlayaraq?!
Türk yaranan gündən bəri
Tanrı çəkir sınağına.
Qoca Türk baş əyərmi heç
Bir zəlzələ qınağına?!
Türkə ağı demək olmaz!
Lap ölüm ayağında da.
Türkə türkü oxuyublar
Ən dözülməz çağında da...
Haqdan gələn bəlanı da
Haqdan gələn sevgi bilib.
Onunçun də ulu Türküm
Haqq dərgahına yüksəlib.
Yaxşı bilir türk oğlu türk
Öz soyunun nişanəsin.
Qoy yazılsın yaddaşına
Qələm tutan hər bir kəsin:
– Türkə ağı demək olmaz!
Türk Tanrının törəsidir!
Qınına sığmayan qılınc ,
Ünlü döyüş nəğməsidir.
02.10.1999