Təhsil sistemində istedadlı uşaqların yaradıcılıq potensialının inkişafı problemləri

ADPU-nun müəllimi dos. Heydərova Simnarə Nadir qızı / simnarah@gmail.com

Açar sözlər: istedad, uşaq, şəxsiyyət, yaradıcılıq, psixologiya, müasir, inkişaf.

Key words: talent, child, personality, creativity, psychology, modern, development.

İSTEDAD – bir və ya bir neçə fəaliyyətin müvəffəqiyyətli icrası üçün sərf olan qabiliyyətlərin özünəməxsus birliyidir. Şagirdyönümlü təhsilimizin əsas məqsədlərindən biri istedadlı şagirdlərin aşkarlanması, inkişafı, bilik və bacarıqlarının praktik həyata yönləndirilməsidir. Bütün məktəblərdə çoxlu sayda istedadlı şagirdlər var. Sadəcə onları aşkar etmək, düzgün istiqamətləndirmək, qabiliyyətlərini inkişaf etdirmək lazımdır. Bunun üçün ən əvvəl təlim prosesinin düzgün qurulması vacibdir. Belə ki, dərs prosesində təlimin təşkilinə verilən tələblər gözlənilməlidir. Təlim strategiyası düzgün seçilməli, məqsədyönlü təlim texnologiyalarından istifadə olunmalıdır.

İstedad sonradan qazanılmır, insanın özü ilə doğulur. Elə uşaqlar olur ki, zamanında bu istedadı inkişaf etdirə bilmir, Istedad onun daxilində, ürəyinin bir küncündə dəfn olunur. O bilir ki, içində doğulan, lakin ayaq tutub yerimək səadətini yaşamayan bir aləm yatır. Əlbəttə, bu, insana hər zaman ağrı verir. Bəzi hallarda valideynlərin, müəllimlərin onlara qayğı göstərməməsi səbəbindən istedad cilalanıb üzə çıxa bilmir.

Ancaq bununla bərabər kifayət qədər istedadı tamamlanan, ifadə olunan uşaqlar da var və bu uşaqların aləmi bizləri özünə cəlb edir. Azərbaycan tarixən istedadlar diyarıdır. İstedadlı uşaqlar həm ailələr, cəmiyyət, həm təhsil müəssisələri, həm də dövlətimiz tərəfindən lazımi səviyyədə qayğı ilə əhatə olunur.

Məlumdur ki, xüsusi istedadı olan uşaqların öz bacarıqlarını inkişaf etdirməsi üçün təhsil müəssisələri, yaradıcılıq mərkəzləri fəaliyyət göstərir.

Azərbaycanda uşaqların istedad və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində görülən işlər çoxdur, günü-gündən də bu işlərin miqyası artır. Fakt budur ki, bugün Azərbaycanda insan kapitalının inkişafı, uşaqların müasir bilik və bacarıqlara yiyələnməsinin reallaşdırılması prioritet istiqamətlər sırasında mühüm yer tutur. Ona görə ki, insan kapitalının inkişafı ölkə iqtisadiyyatının qlobal sistemə uğurlu inteqrasiyası prosesində ən mühüm şərtlərdən biri kimi təhsil sisteminin başlıca vəzifəsini təşkil edir.

Son illər Azərbaycanda təhsil sistemi yeni mərhələsini yaşayır, inkişaf, tərəqqi təhsilimizin əsas istiqamətinə çevrilib. Təhsil sistemində böyük əhəmiyyət kəsb edən məsələlərdən biri istedadlı uşaqlara qayğı və diqqətin daha da artırılmasıdır. Ekspertlərin fikrincə, bu məsələ ilə bağlı xüsusi inkişaf proqramlarının hazırlanması diqqət mərkəzində saxlanır və müvafiq tədbirlər həyata keçirilməkdədir.

Bir neçə il əvvəlki tarixə baxsaq görərik ki, bu məsələ ilə bağlı Azərbaycan dövlətinin həmişə aydın münasibəti olub. Bəllidir ki, mərhum Azərbaycan prezidenti Heydər Əliyev bu məsələyə xüsusi önəm verib. Onun fikirlərinə istinad edək: "

"...Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir şagirdin cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir".

Praktik (məktəb) psixoloqu istedadlı uşaqların inkişafinın bütün mərhələlərində – məktəbəqədər, kiçikməktəbli, yeniyetməlik və erkən gənclik dövründə onlarla xüsusi dəstək olmalıdır. Təhsil müəssisələrində praktik psixoloq istedadlı uşaqların mənəvi və psixoloji inkişaflarl üçün qeyd etdiyimiz istiqamətlərdə iş aparmalıdır: şagirdin intellektual qabiliyyətlərinin inkişaf etdirilməsi;onda adekvat özünüdərkin formalaşdırılması;onun ətraf mühitə adaptasiyası, həmyaşıdları və böyüklərlə münasibətdə konstruktiv ünsiyyət formalarının mənimsənilməsi; onun təlim fəaliyyətinin düzgün planlaşdırılmasında müəllimlərə, valideynlərə və şagirdin özünə köməklik edilməsi; istedadlı uşaqların, onlarla işləyən müəllimlərin və onların valideynlərinin psixoloji təminatı ilə mütəmadi məşğul olmaq;məsuliyyətli yarışlara, sınaqlara, təqdimatlara və s. tədbirlərə hazırlıq ərəfəsində gərginliyin tənzimlənməsi, şagirdlərin bütün imkanlarının səfərbər olması üçün fəaliyyət göstərməli, uğursuz nəticədən sonra, zərurət yarandıqda, reabilitasiya tədbirlərini həyata keçitrməlidir;xüsusi proqramlarla məşğul olan istedadlıların təlim prosesinin tam nəzarətdə saxlamalı, istedadlıların təlimində tətbiq edilən təlim texnologiyalarının, innovativ və müxtəlif proqramlarının psixoloji monitorinqini, ekspertizasının aparmalıdır;istedadlı uşaqların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün nəzərdə tutulan təlim mühitinin layihələndirilməsində və təşkilində iştirak etməlidir;istedadlı uşaqların təlimi ilə məşğul olan təhsil müəssisələrin tərbiyəçilərinin, müəllimlərinin və rəhbərlərinin psixoloji hazırlığında iştiraketməlidir.

İstedadlı uşaqların istedadının üzə çıxarılmasının bir sıra formaları mövcuddur. Bu təlimləri irəli sürən alimlər qeyd edir ki, belə təlim forması müxtəlif yaş qruplarına aid olan istedadlı uşaqların təlim prosesində dövri olaraq müəyyən müddətə qruplaşdırılmasını nəzərdə tutur. Bu, istedadlı uşaqların öz yaşıdları və yaşca onlardan fərqlənən digər istedadlarla ünsiyyətdə olmalarına, eyni sahədə istedadı olan uşaqlarla özlərini müqayisə etməyə, öz vəziyyətlərini qiymətləndirməyə və s. imkan verir.

Psixoloqlar deyir ki, istedadlı uşaqlar üçün xüsusi inkişaf proqramlarında ümumi təhsilin son mərhələlərində istedadlı uşaqların seçdikləri peşəyə uyğun universitet səviyyəsində məşğul olmaq imkanı yaradılmasını nəzərdə tutan məqamlar da öz ifadəsini tapmalıdır.

          Məlumdur ki, müasir dövrdə istedad və yaradıcılıq potensialı hər bir cəmiyyətin milli sərvəti, onun gələcək inkişafını şərtləndirən strateji potensialıdır. Qloballaşan dünyada bu potensialın aşkarlanması, dəstəklənməsi, inkişaf etdirilməsi və səmərəli şəkildə cəmiyyətin xeyrinə gerçəkləşdirilməsi hər bir dövlətin milli prioritetidir. Bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin təhsil siyasətində bu aspekt aparıcı istiqamət kimi müəyyənləşdirilmiş və yalnız təhsil qurumlarının deyil, birbaşa ölkə rəhbərlərinin nəzarətindədir. Bu baxımdan ölkə Prezidenti tərəfindən təsdiq edilmiş “Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)” mühüm bir addım olmuş və onun icrası ilə bağlı Təhsil Nazirliyi və digər qurumlar tərəfindən zəruri başlanğıcların təməli olmuşdur.

          Müasir təhsil sisteminin əsas vəzifəsi hər bir şagirdin potensial imkanlarını üzə çıxartmaq, ahəngdar inkişafını təmin ekmək, onu milli və ümumbəşəri dəyərlərə malik, həyat gerçəkliklərində rəqabətədavamalı şəxsiyyət kimi formalaşdırmaq, maraq və imkalarına uyğun həyatda öz yerini tapımasına və özünügerçəkləşdirməsinə zəmin yaratmaqdır.

          Hər bir cəmiyyətin dinamik inkişafı bir sıra amillərlə yanaşı yaradıcı istedada  malik şəxslərin fəaliyyəti ilə də şərtlənir. Lakin bir çox hallarda uşaqlarda təzahür edən yaradıcılıq və kreativ fəaliyyət müxtəlif səbəblərdən ailə, məktəb və yaşıdları tərəfindən səssiz təpki ilә qarşılanır. Belə halda istedadlı uşaqların gələcək inkişafında ciddi problemlər yaranır.

          Nəzərə almaq lazimdır ki, bəşəriyyətin qarşılaşdığı ciddi həyati problemlar, qloballaşan, dünyanın bügünkü rəqabət gerçəkliyi hər bir dövlət üçün öz istedad potensialından səmərəli şəkildə istifadəni strateji məsələ və ictimai dəyər kimi formalaşdırır. Dövlətlər beynəlxalq səviyyədə öz siyasi, iqtisadi və milli maraqlarını qorumaq üçün sürətli inkişafa can atır.

          Hər bir ölkədəki müasir inkişaf onun təhsil sisteminin inkişaf səviyyəsi ilə, malik olduğu yüksək “intellektli, yaradıcı istedada malik kadr potensialı ilə şərtlənir. Həmin kadrların vaxtında aşkarlanması və onları istiqamətləndirilməsi olduqca aktual problemlərdəndir. Bu baxımdan, istedadlı uşaqların aşkarlanması və onların qabiliyyətinin inkişaf etdirilməsi müasir təhsil sisteminin və cəmiyyətin ən ümdə vəzifələrindən biridir.

Xülasə

          İnkişaf etmiş ölkələrin təhsil sistemlərində xüsusi istedada malik uşaqların müəyyəqləşdirilməsinə, dəstəklənməsinə, qabiliyyələrinin inkişaf etdirilməsinə yönəlmiş müasir psixo-podaqoji texnologiyalar geniş şəkildə və uğurla tətbiq edilir. Mütərəqqi təhsil sistemlərinin təhlili göstərir ki, bir çox ölkələrdə, uşaqların məktəblərə seçimi yaradıcılıq meyarları əsasında aparılır. Hazırda əksər ölkələrdə, o cümlədən Azərbaycanda da ümumtəhsil məktəblərini hafizə məktəbindən təfəkkür məktəbinə çevirmək istiqamətində ciddi işlər görülür. Milli Kurikulumun əsas məqsədləsindən biri də budur. Bu isə tahsil sistemində yeni yanaşmaların, texnologiyaların geniş şəkildə və peşəkarlıqla tətbiqini aktuallaşdırır.

Summary

          In the education systems of developed countries, modern psycho-pedagogical technologies aimed at identifying, supporting and developing the abilities of children with special talents are widely and successfully applied. An analysis of advanced education systems shows that in many countries, children's choice of schools is based on creative criteria. At present, in most countries, including Azerbaijan, serious work is being done to transform secondary schools from memory schools to schools of thought. This is one of the main goals of the National Curriculum. This actualizes the widespread and professional application of new approaches and technologies in the education system.

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT SİYAHISI.

  1. Bəylərov E.B. İstedadlı uşaqlarla təlimin təşkili və məzmunu. “Şahin – MBˮ Bakı, 2016,
  2.  Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri. Bakı: Pedaqogika, 2004, 432 s.
  3.  Əliyev B.H., Əliyeva K.R., Cabbarov R.V Pedaqoji psixologiya: Dərslik. Bakı: Təhsil, 2011.
  4.  Əliyev R.İ., Əliyeva G.B., Əliyev C.R. Praktik psixologiya məsələləri. Bakı: Elm və təhsil, 2011
  5. Əmrahlı L.Ş Məktəb psixoloqu: Məktəb psixoloqu. Metodik vəsait. Bakı: Nurlan, 2014
  6. https://muallim.edu.az
  7. https://aztehsil.com